Şahmat üzrə milli komandamızın da üzvü olan Ülviyyə 1996-cı ildə Gəncədə anadan olub. Gəncə şahmat məktəbinin yetirməsi artıq yeddi yaşı olarkən ölkəmizi beynəlxalq arenada təmsil etməyə başlayıb. Rəsmi debütünü Türkiyədə edən iti zəka sahibi orada özündən üç yaş böyüklərlə mübarizə aparıb.
Fətəliyeva 2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub. Dörd il sonra o, eyni şəhərdə 18 yaşadək şahmatçılar arasında hamını üstələyib. O, həmçinin 20 yaşlı qızlar arasında Azərbaycan çempionu, qadınlar arasında Azərbaycan çempionatının gümüş mükafatçısıdır. 2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən qadınların Avropa çempionatında səkkiz xalla bürünc medala sahib olan idmançı bu il, nəhayət, arzusuna çataraq Avropanın ən güclüsü oldu.
Budəfəki qitə birinciliyində çoxlu titullu idmançı, səkkiz qrossmeyster mübarizə aparırdı. Fətəliyeva hazırda beynəlxalq usta dərəcəsindədir.