Azərbaycan mədəniyyətini xaricdə təbliğ edən bəstəkar Xədicə Zeynalovanın Almaniya və ABŞ-da “Ave Maria” adlı konserti keçirilib və musiqi albomu işıq üzü görüb.
Uvertura.az xəbər verir ki, layihə xalqlar və dövlətlər arasında sülhə həsr olunub və Almaniyanın Mədəniyyət Fondu, “Lippe” Regional Assosiasiyası və “Bridge of Sound” kamera ansamblının maliyyə dəstəyi ilə həyata keçirilib. Səsyazma 2023-cü ilin avqustunda Almaniyanın tarixi Marienmünster şəhərində aparılıb.
“Sevimli ölkəm Azərbaycanı bu cür beynəlxalq səviyyədə təmsil etmək mənim üçün böyük şərəfdir. Bu əsərin özəlliyi ondan ibarətdir ki, mən Şərqlə Qərb arasında əlaqə yaratmağa çalışmışam. Azərbaycan xalq musiqisinin ritmlərindən, muğam elementlərindən də istifadə etmişəm” – deyə Xədicə Zeynalova bildirib.