Bu gün, yəni avqustun 2-i Azərbaycanda Kino günü kimi qeyd edilir.
Uvertura.az xəbər verir ki, 1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişonlentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir. Həmin gün Azərbaycan milli kinonun yaranma günü sayılır.
“Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” 2001-ci ildə Azərbaycan Dövlət Film fondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana göndərilmiş və hazırda filmfondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır.
18 dekabr 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Sərəncamı ilə avqustun 2-si tarixini kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü elan edilib.