Bakıda keçirilən Özbəkistan mədəniyyət günləri çərçivəsində Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edib.
Uvertura.az xəbər verir ki, qardaş ölkənin sənət ocağının yaradıcı heyəti “Qayınana” tamaşası ilə azərbaycanlı teatrsevərlərin görüşünə gəlib.
“Qayınana” (Məcid Şamxalov, Zakir Bağırov, Tofiq Quliyev) komediyasının rejissoru Daston Xakberdiyev, dirijoru Akmal Turayev, rəssamı Cəlalədin Rahimovdur.
Aktyor heyətinin məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.
Xatırladaq ki, özbək teatrının ifasında “Qayınana” tamaşası Musiqili Teatrın səhnəsində ötən ilin dekabrında rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivinin iştirakı ilə də nümayiş olunmuşdu.