Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 114-cü ildönümüdür.
Mirvarid Dilbazi yaradıcılığında Vətən sevgisi, insan taleyi, ana məhəbbəti və milli-mənəvi dəyərlər xüsusi yer tutub. Onun ilk şeiri “Qadınların hürriyyəti” 1927-ci ildə, ilk kitabı “Bizim səsimiz” isə 1934-cü ildə nəşr olunub.
Şairin “İlk bahar”, “Ana qanadı”, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və digər kitabları Azərbaycan ədəbiyyatının dəyərli nümunələri sırasındadır. O, həmçinin uşaqlar üçün çoxsaylı əsərlər yazıb, dünya ədəbiyyatından nümunələri Azərbaycan dilinə tərcümə edib.
Mirvarid Dilbazinin poeziyasında Azərbaycanın keçdiyi mürəkkəb tarixi yol da geniş əksini tapıb. Qarabağ hadisələri, 20 Yanvar faciəsi, şəhidlik və yurd həsrəti onun yaradıcılığının mühüm mövzularından olub.
1979-cu ildə Mirvarid Dilbaziyə “Xalq şairi” fəxri adı verilib. O, “İstiqlal”, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı” ordenləri və müxtəlif medallarla təltif olunub.
Görkəmli şair 2001-ci il iyulun 12-də vəfat edib. Onun zəngin ədəbi irsi bu gün də sevilərək oxunur və Azərbaycan poeziyasının qiymətli səhifələrindən biri kimi yaşayır.
