Mədəniyyət

Azərbaycanlı musiqiçilər Balıkesirdə konsert proqramı ilə çıxış ediblər

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında ölkəmizi təmsil edən “Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı Balıkesirdə konsert proqramı ilə çıxış edib.

Uvertura.az xəbər verir ki, konsertdən əvvəl Azərbaycan nümayəndə heyəti ləzgilərin kompakt yaşadığı Ortaca kəndini ziyarət edib. Görüş zamanı kəndin tarixi, burada yaşayan ləzgi ailələrinin adət-ənənələri və mədəni irsi barədə məlumat verilib, milli dəyərlərin və doğma dilin qorunmasının əhəmiyyəti vurğulanıb.

Balıkesir Dağıstan Mədəniyyət və Yardımlaşma Dərnəyinin təşkilatçılığı ilə keçirilən konsertdə “Suvar” ansamblı Azərbaycan və ləzgi folkloruna aid rəqs və mahnılardan ibarət proqram təqdim edib.

“Qafqazda və bütün dünyada sülh naminə” şüarı ilə təşkil olunan festivalda Azərbaycanla yanaşı, Qafqazın müxtəlif bölgələrindən 350-dən çox sənətçi iştirak edir. Tədbirin məqsədi Qafqaz xalqlarının mədəni irsini yaşatmaq, dostluq əlaqələrini möhkəmləndirmək və mədəniyyətlərarası dialoqa töhfə verməkdir.

Festival çərçivəsində yazıçı-publisist Sədaqət Kərimovanın türk dilində nəşr olunan “Lezgiye” kitabının imza mərasimi də keçirilib.

Oxşar Xəbərlər