Şöhlət Əfşarın çoxlu şeir və nəsr əsərləri vaxtilə çap olunmuşdur. Şairin şeirlərini oxuduqca, mənalarının fərqindəliyinə vardıqca, insanda xoş ovqat yaranır. Şöhlət Əfşar Axundovun yazdığı şeirlər öz təfəkkür tərzi, lirikliyi ilə seçilir. Şeirlərdə elinə, obasına, vətəninə bağlılıq hissləri müşahidə olunur.
Şiş qayalar, məğrur dağlar, güllü yaz,
Azərbaycan, al-əlvansan, ey Vətən!
Bir gözəlsən, hörüklərin Kür-Araz,
Azərbaycan, sən canımsan, ey Vətən!
Şöhlət Əfşar təkcə vətən, el- oba dərdi deyil, onu bütün dünyanın, bəşəriyyətin taleyi də maraqlandırır. Şair “Sükutdan asılmışam” şeirində deyir:
Gecə yarı, sükunət, hücrəmdə tək qalmışam,
Dərd əlində məhkum tək sukutdan asılmışam.
Fikirlər dəryasında təlatümlü, dalğınam
Kimsə yox, bir sahilsiz burulğanda bayğınam.
Andırıram səhrada susuz, yorğun dəvəni,
Hey çəkirəm dünyanın, insanlığın dərdini.
Hər tərəf qan ləkəsi, aclıq, ölüm, faciə,
Adam özü utanır, mən insanam deməyə…..
Şöhlət Əfşar dünyada baş verən müharibəyə, terror hadisələrinə və bu əməlləri törədənlərə qarşı üsyan edir:
… O Xatın, Xirosima, Xocalı faciəsi,
Ərşi-gürşü yandırır çeçenlərin naləsi,
Fələstin od içində, ucalır fəryad səsi,
Öldürür körpələri yəhudinin gülləsi…
deyən şair bütün bəşəriyyəti haqqa, sülhə, əmin-amanlığa və ədalətə səsləyir.
Onun lirik ruhlu şeirləri xüsusi ictimai siqlətlə səslənir ə hazırki quruluşumuza məxsus nikbinliyin, həyata, insanların xoşbəxt sabahına inamın ümumiləşmiş ifadəsi kimi mənalanır.
Şairin poeziyasını mövzu və ideya baxımından səciyyələndirsək, cəarətlə təsdiq etmək olar ki, müəllif öz ənənəvi mövzularına sadiqdir. Şöhlət Əfşarın qəlbi daima incə, duyğulu hisslərlə döyünür:
Demə aşiq olub daha sevmərəm,
Pozarsan tövbəni, pozarsan, gülüm!
Demə, eşq bağından çiçək dərmərəm,
Pozarsan tövbəni, pozarsan, gülüm!
Şairin şeirlərində vətəndaşlıq, xəlqilik ideyaları əsas yer tutur. Şairin qayəsi xalq həyatı ilə ən yaxın təmasda nəfəs alır. Onun əsərləri Azərbaycan ədəbiyyatında və dünya ədəbiyyatında müstəsna bir yerdədir və oxuyuculara həm duyğusal təcrübə, həm də düşündürücü məqamlar təqdim edir.