İyunun 17-18-də Azərbaycanda ilk Hava Şarları Festivalı (Balloon Festival) keçirilib.
Festival zamanı qonaqlar üçün konsert və əyləncə proqramları, müxtəlif mövzularda ustad dərsləri də təşkil olunub. Layihənin iştirakçılar üçün təqdimatı keçirilib, hava şarları, uçuş barədə məlumat verilib.
İyunun 17-də nümayiş uçuşu, iyunun 18-də səhər saatlarında isə qonaqların iştirakı ilə festivalın əsas uçuşları olub. Bu gün səhər saatlarında Şamaxı səması müxtəlif dizaynlı hava şarlarına bürünmüşdü.
Şamaxıda festivalın rəsmi açılışı mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Şamaxının artıq açıq hava festivalları şəhərinə çevrildiyini bildirib.
Əlavə edib ki, Şamaxı ilk dəfə Üzüm və Şərab Festivalına ev sahibliyi etmişdi. İndi isə Azərbaycanda ilk dəfə olaraq Şamaxıda Hava Şarları Festivalının keçirilməsinin sevindirici fakt olduğunu bildirib. Bu da turizm sektorunda inkişafın bir göstəricisi hesab oluna bilər. Tahir Məmmədov Şamaxının hazırda turizm sektorunun inkişafı ilə fərqləndiyini deyib.
Layihəyə dəstəyi Azərbaycan Dövlət Turizm Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Dövlət Mülki Aviasiya Agentliyi, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) və Heydər Əliyev Fondu göstərib.