Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 103 ili tamam olur.
Cahangir Cahangirov 1921-ci il iyunun 20-də Balaxanıda anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini B.Zeydmanın sinfi üzrə bitirib. Bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edib, müəllifin yazdığı mahnıların bir çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. O, habelə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu kafedrasının müdiri vəzifələrində çalışıb. Bəstəkar opera, kantata, oratoriya, simfoniya, simfonik poema, romansların, bir çox film və dram tamaşasına yazılmış musiqinin müəllifidir. Eyni zamanda mahnı janrı C.Cahangirovun yaradıcılığında xüsusi yer tutub. Bəstəkar “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Alagöz”, “Zərif gülüşlüm”, “Durnalar”, “Ana yurdum” mahnılarında canlı, ritmik, unudulmaz musiqi lövhələri yaradıb. Cahangir Cahangirov bir çox məşhur kinofilmlərə yazılan maraqlı, yaddaqalan musiqi müəllifi olaraq tanınıb. “Yenilməz batalyon”, “Koroğlu”, “Dəli Kür” kimi filmlərin musiqisi Azərbaycanın qızıl fonduna daxil edilmiş sənət incilərindəndir. Cahangir Cahangirov “Əməkdar incəsənət xadimi”, “Xalq artisti” fəxri adlarına, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülüb.
Xalq artisti Cahangir Cahangirov 1992-ci ildə vəfat edib.