Aprel ayının 1-də millət vəkili, yazıçı-jurnalist Aqil Abbas 70 yaşını qeyd edib.
Bildirək ki, Aqil Məhəmməd oğlu Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolanı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970–1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976–1977) kimi başlayıb, “Elm və həyat” jurnalında fotomüxbir, şöbə müdiri (1977–1987), “Sovet kəndi” qəzetinin xüsusi müxbiri (1987–1990) işləyib. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi “Şirinlik” 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə “Şəbədə Nazim” hekayəsi “Ulduz” və “Azərbaycan” jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. “Qiyamət gecəsi” və “Qapqara uzun saçlar” povestlərinin müəllifidir (2003).
“Evləri köndələn yar”, “Ən xoşbəxt adam”, “Batmanqılınc”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Dolu”, “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına” kimi kitabların müəllifidir və bir sıra nüfuzlu mükafatlara sahibdir.
Yazıçı doğum günü ərəfəsində mətbuata açıqlama verib, orada deyib ki, “Buna qədər ən böyük arzum Qarabağı azad görmək idi. Bu arzuma çatdım, Qarabağı azad gördüm. İndi isə ən böyük arzum Ağdamı əvvəlki Ağdam kimi görməkdir”.
O, 2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib.