Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, milli peşəkar teatrın 145 illik yubileyi münasibətilə Şəkidə keçirilən IV Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, səfər Mədəniyyət Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə regionlarda təşkil olunan qastrol səfərlərinin proqramı çərçivəsində baş tutacaq.
Musiqili Teatr, dekabrın 2-də İran, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən olan teatr kollektivlərinin qatılacağı beynəlxalq tədbirdə, özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” adlı ikihissəli komediyasını təqdim edəcək.
Tamaşada Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Prezident mükafatçısı Mehriban Zaliyeva, həmçinin aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Gülcahan Salamova, Gülnarə Əzizova, Şaban Cəfərov, Əliməmməd Novruzov, Fərid Rzayev və Cəbrayıl Cəbrayılov rol alacaqlar.
Səhnə əsərinin rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti isə Tamilla Aslanovadır.
Qeyd edək ki, IV Beynəlxalq Teatr Festivalı dekabrın 1-dən 5-dək davam edəcək.