Gürcüstanın paytaxtı Tbilisidə, M.F. Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin Rəsm Qalereyasında Azərbaycan xalçalarının sərgisi açılıb.
Uvertura.az Report-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan və Qazaxıstanın Gürcüstandakı səfirliklərinin nümayəndələri, Azərbaycan İş Adamları Birliyinin (AZEBİ) idarə heyətinin üzvləri, Türkiyədən gələn qonaqlar, Tbilisi Krtsanisi bələdiyyəsinin rəsmiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Muzeyin direktor müavini Leyla Əliyeva, sərginin təşkilinə dəstək verən Azərbaycan səfirliyinə təşəkkür edərək, Gürcüstan Mədəniyyət Nazirliyi tərəfindən elan edilən “Azad layihələr” müsabiqəsində muzeyin “Azərbaycan mədəniyyətinin təbliği” layihəsi ilə iştirak etdiyini bildirib. Sərgidə qədim Qarabağ və Borçalı xalçaçılıq nümunələri də daxil olmaqla, layihə çərçivəsində hazırlanan əsərlər təqdim edilib.
Sərgidə həmçinin “Melitasi” gürcü rəqs ansamblının maraqlı konsert proqramı ilə çıxışı olub. Azərbaycan musiqisinin sədaları altında keçirilən sərgidə diqqət çəkən əsərlərdən biri də 130 yaşlı Şuşa xalçası olub. Ziyarətçilər bu qədim sənət əsərini böyük maraqla izləyiblər. Sərgi üç gün ərzində davam edəcək.