Dekabrın 16-da Xəzər Universitetində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar fəlsəfi-irfani mövzuda tədbir və bu münasibətlə təşkil olunan hekayə və esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə tanınmış alimlər, ədəbiyyatşünaslar, müəllim və tələbə heyəti iştirak edib.
Tədbir bədii hissə ilə başlayıb, sonra universitetin tələbələri tərəfindən Füzulinin qəzəlləri bədii şəkildə səsləndirilib. İştirakçılar, Məhəmməd Füzulinin irsinin təbliği və onun fəlsəfi məzmununun gənc nəslə çatdırılması ilə bağlı müzakirələr aparıblar.
Tədbirdə çıxış edən Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı Məhəmməd Füzulinin Azərbaycan və dünya ədəbiyyatındakı əhəmiyyətindən danışaraq, onun poetik dünyasının dərin fəlsəfi və irfani mənalarla zəngin olduğunu qeyd edib. O, vurğulayıb ki, Füzulinin yaradıcılığı yalnız ədəbi mətnlərdən ibarət deyil, həm də insanın varlığı, eşq və mənəvi axtarışları ilə bağlı dərin fəlsəfi suallara cavab axtarışıdır.
Daha sonra çıxış edən Xəzər Universitetinin Dillər və Ədəbiyyat Departamentinin müəllimi, “Ədəbiyyat səyyahları” saytının baş redaktoru Qardaşxan Əzizxanlı Füzulinin irsində eşq və kamillik axtarışı mövzusunu diqqətə çatdırıb. O, Füzulinin “Leyli və Məcnun” əsərindəki irfani eşq anlayışının İslam fəlsəfəsindəki kamillik konsepsiyası ilə əlaqəli olduğunu vurğulayıb. Füzulinin eşqinin yalnız romantik sevgi olmadığını, ilahi həqiqətə çatmaq yolunda mənəvi yüksəlişi ifadə etdiyini qeyd edib.
Digər çıxış edənlər, Füzulinin irfan dünyagörüşünün İbn Ərəbi, Şəhabəddin Sührəvərdi və digər Şərq mütəfəkkirləri ilə ideya yaxınlıqlarını müzakirə ediblər. Həmçinin, Füzulinin yaradıcılığının Şərq irfan ənənəsinin Azərbaycan ədəbiyyatındakı ən parlaq təzahürlərindən biri olduğu vurğulanıb.
Tədbirin sonunda, Füzuli mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.