Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri başa çatıb.
5-7 iyun tarixlərini əhatə edən mədəniyyət günlərinin yekun tədbiri Azərbaycan Dövlət Rəqs Ansamblının konsert proqramı ilə yadda qalıb.
Uvertura.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında təşkil olunan konsertdə qardaş ölkənin rəsmi şəxsləri, Azərbaycan Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, eləcə də mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsert proqramı “Mənim Azərbaycanım” süitası ilə başlayıb. Daha sonra ansamblın ifasında “Qavalla rəqs”, “Nağaralarla rəqs”, “Toy”, “Qazaxı”, “Halay”, “Naz eləmə”, “Tərəkəmə”, “Uzundərə”, “Ağ çiçəyim”, “Çayçı”, “Bahar” və “Qaytağı” rəqsləri təqdim olunub.
Azərbaycan milli rəqs sənətinin rəngarəngliyini əks etdirən çıxışlar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
