Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, nakam taleli şair Mikayıl Müşfiqin anadan olmasından 118 il ötür.
Mikayıl Müşfiq qısa ömür yaşamasına baxmayaraq, zəngin və dərin məzmunlu ədəbi irs yaradıb. Onun “Yenə o bağ olaydı…”, “Oxu, tar!”, “Sənə qurban”, “Sənin gülüşlərin”, “Həyat sevgisi”, “Əbədiyyət nəğməsi”, “Sənin gözlərin”, “Ürək” və digər şeirləri bu gün də oxucular tərəfindən sevgi ilə oxunur. Şairin poeziyasında həyat eşqi, insanın mənəvi dünyası, sevgi, vətənpərvərlik və azadlıq duyğuları xüsusi yer tutur.
Uvertura.az xəbər verir ki, Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində dərc edilib. Sonralar onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” və digər kitabları işıq üzü görüb. 1957-ci ildən etibarən şairin əsərləri müxtəlif adlar altında yenidən nəşr olunub, ədəbi irsi geniş oxucu kütləsinə çatdırılıb.
Mikayıl Müşfiq yalnız orijinal poeziya nümunələri ilə deyil, tərcümə sahəsindəki fəaliyyəti ilə də Azərbaycan ədəbiyyatına töhfə verib. O, A.Puşkin, M.Lermontov, S.Marşak, T.Şevçenko, Ö.Xəyyam və digər müəlliflərin əsərlərindən nümunələri Azərbaycan dilinə çevirib.
Şairin yaradıcılığı dərin emosionallığı, ahəngdarlığı, səmimiliyi və poetik ifadə gücü ilə seçilir. Onun “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” kimi şeirləri Azərbaycan poeziyasında sevgi mövzusunun ən yaddaqalan nümunələrindəndir.
Repressiya illərinin qurbanlarından olan Mikayıl Müşfiq 1938-ci ildə həyatını itirib. Lakin onun ədəbi irsi zamanın sərhədlərini aşaraq bu gün də yaşayır, yeni nəsillərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayır.
Mikayıl Müşfiqin xatirəsi ölkəmizdə daim ehtiramla yad edilir. Bakıda şairin büstü ucaldılıb, yaşadığı binaya xatirə lövhəsi vurulub, adı qəsəbəyə, məktəbə, küçəyə və meydana verilib, Xızıda xatirə muzeyi yaradılıb. Onun poeziyası bu gün də Azərbaycan ədəbiyyatının əbədiyaşar səhifələrindən biri kimi dəyərləndirilir.
