Azərbaycan mədəniyyətinin böyük simalarından olan, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 107 illiyinə həsr olunmuş tədbir, dahi bəstəkarın ev-muzeyində keçirilmişdir.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.
Dahi bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırova tədbir iştirakçılarına minnətdarlığını bildirərək, “Atamın sağlığında bu günü hər zaman dostlar, qohumlar və sevimli tələbələri ilə birgə qeyd edirdik. İllər keçsə də, onun sənətinə hörmət göstərənlər onu yad etmək üçün bir araya gəlməyə davam edirlər. Hər kəsə bu sevgiyə görə təşəkkür edirəm,” – deyə bildirib.
Ev-muzeyinin direktoru Lətifə Kazımova çıxışında dahi bəstəkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.
Tədbirin sonunda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə Qara Qarayevin musiqiyə olan misilsiz sədaqəti, kamilliyə can atması və özünə qarşı yüksək tələbləri barədə danışıb. O, bəstəkarın mükəmməl intizamını xüsusilə vurğulayaraq, qeyd edib ki, Qarayevin yaradıcılığı yeni nəsil musiqiçilərə ilham verməyə davam edir. Professor, həmçinin gənc ifaçılara dahi bəstəkarın əsərlərini yüksək səviyyədə təqdim etdiklərinə görə təşəkkürünü bildirib.