Mədəniyyət

Bakı: kainat boyunca” adlı səhnə əsərinin premyerası gerçəkləşdi

Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasının səhnəsində “Bakı: kainat boyunca” adlı psevdoimmersiv tamaşanın premyerası uğurla keçirilib. Tamaşa, Lalə Əliyeva-Klıçkova və Meyxoş Abdullayevin novellaları əsasında hazırlanaraq, “İki stul” teatr emalatxanasının yaradıcı heyəti tərəfindən səhnələşdirilib.

Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tamaşada əsas rolları İsmayıl Əliyev, Anastasiya Lenkovskaya və İnqa Baxoldina canlandırıblar.

Səhnə əsərinin quruluşçu rejissoru Rüstəm İbrahimbəyov Kino Məktəbinin məzunu Lalə Əliyeva-Klıçkovadır. Layihənin prodüserləri isə Zaur Əliyev və Alyona Xarçenkodur.

Tamaşanın mövzusu bəşəriyyətin taleyini müəyyən edən fərqli şəxsiyyətlərin ətrafında inkişaf edir. Gələcəyin Bakı sakinlərinin adi davranışları isə hadisələrin gedişatını dəyişir.

Premyeradan sonra Uvertura.az-a açıqlama verən Lalə Əliyeva-Klıçkova tədbirdən duyduğu məmnuniyyəti ifadə edib: “Çox sevinirəm ki, tamaşamızla çatdırmaq istədiyimiz əsas ideyalar – bir-birimizi və ətrafımızı qorumaq, yaşadığımız anı dəyərləndirmək və dünyamızı gözəlləşdirmək tamaşaçılar tərəfindən duyuldu və qəbul olundu. Ən qiymətli olan isə tamaşaçıların səmimi rəyləridir. Onlar yekdilliklə bildirirlər ki, tamaşanın ideyası yenilikçi və təsirli olub, aktyorların ifası isə onları dərindən təsirləndirib. Zaldakı gülüş və göz yaşları bizim üçün ən böyük uğur göstəricisidir. Bu da göstərir ki, məqsədimizə çatmışıq. Təəssüf ki, müstəqil statusumuza görə teatr səhnələrində tez-tez çıxış edə bilmirik, amma fəaliyyətimizi davam etdirmək və yeni tamaşalarla tamaşaçılarımızı sevindirmək niyyətindəyik.”

Qeyd edək ki, “İki stul” teatr emalatxanası 2023-cü ilin martında yaradılıb və xaricdə fəaliyyət göstərən Rusdilli Teatr Xadimləri Assosiasiyasının üzvüdür. “Bakı: kainat boyunca” səhnə işi isə teatrın “O dünyadan gələn qonaq” və “Meri Poppins” tamaşalarından sonra repertuarına daxil edilən üçüncü layihəsidir.

You may also like