Mayın 2-dən 4-dək İçərişəhərdə Beynəlxalq Xalça Festivalı təşkil olunacaq.
Bu barədə Uvertura.az-a, “Azərxalça” ASC-dən məlumat verilib.
Bildirilib ki, “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir. Bu səbəbdən festivalın proqramı zəngin və rəngarəngliyi ilə bütün yaş qruplarından olan qonaqların maraqlarına xitab edir. Festival çərçivəsində ziyarətçiləri sehrli əyləncə proqramı: rəngarəng konsertlər silsiləsi, açıq hava kinoteatrı və yerli brendlərlə sənətkarların iştirak etdiyi müxtəlif yarmarkalar gözləyir.