Mədəniyyət

Bu gün Xalq şairi Zəlimxan Yaqubun doğum günüdür

Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə xalqın istəklisi olurlar. Zəlimxan Yaqub məhz belə şairlərdən olub. Müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir. XX yüzilliyin 70-80-ci illərində xalqın milli-mənəvi dünyasında azadlıq və istiqlaliyyət meyilləri gücləndiyi şəraitdə Zəlimxan Yaqubun böyük potensiala malik ədəbi imkanları bütün qüdrəti ilə üzə çıxdı. Akademik Nizami Cəfərovun obrazlı şəkildə dediyi kimi, “Azərbaycan poeziyasının geniş səmasında bir ildırım çaxdı, bir Günəş parladı… Gur səsi, ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxardı…”.

Uvertura.az xəbər verir ki, bu gün Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 76-cı ildönümü tamam olub.

Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir. Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.

You may also like