“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Aşıqlar Birliyinin tərəfdaşlığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert proqramı təşkil olunub.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən uvertura.az-a verilən məlumata görə, tədbirdə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədri Ramil Qasımov konsertin rəhbərlik etdiyi təşkilatın elan etdiyi “Musiqi Kimliyimiz” layihəsi çərçivəsində ilk tədbir olduğuna diqqət çəkib.
Konsert proqramında Qərbi Azərbaycan aşıq mühitinə məxsus müxtəlif aşıq, el havaları və dastan nümunələri səsləndirilib. Sözləri Aşıq Alıya məxsus “İrəvan çuxuru”nu Nəbi Nağıyev, Nazim Quliyev, sözləri Aşıq Ələsgərə məxsus “Baş sarıtel”i Əli Pənahoğlu, “Baş müxəmməs”i Fətulla Göyçəli, ƏIəddin Göyçəli, İmran Xəlilov, “Hüseyni”ni Xanım Göyçəli, sözləri İsa Körpülüyə məxsus “Göyçə gözəlləməsi”ni İmralı Fikrətoğlu, sözləri Müşgül Musaya məxsus “Göyçəgülü”nü Ələddin Göyçəli, sözləri İsgəndər Ağbabalıya məxsus “Çalpapaq”ı Dərya Mərdanzadə, sözləri Alqayıt Xəlilova məxsus “Gəraylı”nı Xanlar Alqayıt ifa ediblər. Bundan başqa, İxtiyar Qocayev, Ləman Mirzəyeva, Elməddin Hacı və digərləri aşıq sənətinin incilərini təqdim ediblər.
