“Cənnət yuxusu” filmi Almaniyada nümayiş olunub
Prezident İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə ərsəyə gələn “Cənnət yuxusu” bədii-sənədli filmi Almaniyanın Ştutqart şəhərində nümayiş etdirilib.
Uvertura.az xəbər verir ki, “Arthaus Filmtheater Stuttgart” kinoteatrında keçirilən təqdimat Azərbaycanın Almaniyadakı səfirliyi, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Ştutqart Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbir çərçivəsində Azərbaycanın mədəni irsini əks etdirən kitablar və milli sənət nümunələri də nümayiş olunub.
Çıxış edənlər Mirzə Qədim İrəvaninin Azərbaycan təsviri sənətindəki mühüm rolunu, filmin isə həm sənətkarın irsinin, həm də Qərbi Azərbaycanın tarixi-mədəni irsinin tanıdılmasına töhfə verdiyini vurğulayıblar.
Tədbirin sonunda tamaşaçılar filmi izləyərək ekran əsərinin Azərbaycan tarixinin və mədəni irsinin təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər.
