Sentyabrın 18-i Azərbaycan musiqi mədəniyyətinin ən görkəmli simalarından biri, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür.
Azərbaycan professional musiqisinin və milli operasının banisi olan Üzeyir Hacıbəylinin yaradıcılığı xalqımızın mədəni irsində xüsusi yer tutur. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə görkəmli bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd edilməsi qərara alınıb.
Bu tarix yalnız musiqi ictimaiyyəti üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün əlamətdar gündür. Üzeyir Hacıbəylinin doğum gününün musiqi bayramı kimi qeyd olunması ənənəsinin əsası isə görkəmli bəstəkar və dirijor maestro Niyazi tərəfindən qoyulub. Üzeyir bəyin vəfatından sonra Niyazi hər il sentyabrın 18-ni onun xatirəsinə həsr olunmuş xüsusi gün kimi qeyd edib və bu ənənə sonradan daha geniş miqyas alıb.
Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşada dünyaya gəlib. O, təkcə dahi bəstəkar kimi deyil, eyni zamanda musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verib.
18 Sentyabr – Milli Musiqi Günü münasibətilə bütün musiqi ictimaiyyətini, sənətçiləri və musiqisevərləri təbrik edirik!
