“Mən nə axtardığımı bilsəydim, bəlkə, tapardım. Bəzən insan nə axtardığını bilmədən elə axtarışdadır, özü özüylə axtarışdadır. Dəbdəbəli çıxmasın, yəqin ki, özüm özümü axtarmışam. Məsələn, dost axtarmamışam, çünki dostlar həmişə mənim yanımda olub, dostu çox olan adam olmuşam. Bəzilərini itirmişəm, Allah rəhmət eləsin. Bəziləri bu gün də yaşayır, mənim yanımdadırlar. Məsələn, Ramiz Rövşən mənim ən yaxın dostlarımdan biridir. O ünsiyyəti üçün darıxdığım və son dərəcə can atdığım insanlardan biridir”.
Uvertüra.az Kulis.az-a istinadən xəbər verir ki, bu haqda jurnalist Xalq yazıçısı Kamal Abdulladan “Sən çətin tapasan axtardığını, sən axtardığını itirməyiblər” şeirindən sitat gətirərək ondan nə axtardığını soruşub.
“Başqa insanlar da var. Nazim var, Muxtar var… Mən özümdən yaşlı adamlarla dostluq etməyi də bacarmışam, məsələn, Azad Mirzəcanzadə mənim yaxın dostum olub. O mənə öz dostluq münasibətini bağışlamışdı. Böyük alim Rafiq Əliyev var, onunla da biz dostuq, qardaşıq. Yəni, yaşlı adamlarla dostluq eləmək daxili məsuliyyətimi artırır. Bunların ikisiylə də birgə kitabımız var, həm Azad müəllimlə birgə kitab yazdıq, həm Rafiq müəllimlə”, – deyə o, müsahibəsində deyib.