Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) 60 illiyi münasibətilə klassik filmlərin nümayişi təşkil ediləcək.
AKİ-dən Uvertüra.az-a verilən məlumata görə proqram çərçivəsində Oktay Mirqasımın “Günaydın, mələyim”, Tofiq Tağızadənin “Yeddi oğul istərəm” bədii filmləri, dünya kinosu klassikasından isə Andrey Tarkovskinin “Güzgü” bədii filmi nümayiş olunacaq.
“Günaydın, mələyim” filminin nümayişi həm də, Oktay Mirqasımın 80 illik yubileyi münasibətilə təşkil olunur. Eyni zamanda, tamaşaçıların xüsusi marağına səbəb olan və xarici ölkələrdə özünə diqqət çəkən filmlərdən biri olan rejissor İlqar Safatın “Sahə” bədii filmi də təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas hədəflərindən biri, milli kinomuza tamaşaçılarda maraq yaratmaq, zövqlü tamaşaçı ordusu formalaşdırmaqdır. AKİ bu kimi nümayişləri il ərzində davam etdirir. Nümayişlərin məkanı isə dəyişməz olaraq “CinemaPlus Azerbaijan”dır.