Süni intellekt (Sİ) milyonlarla insanın həyatına təhlükə yarada biləcək bioloji silahlar yaratmaq potensialına malikdir.
Uvertura.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Kamala Harris Böyük Britaniyada süni intellektdən təhlükəsiz istifadəyə dair birinci beynəlxalq sammitdə çıxışı zamanı bildirib.
“Süni intellekt təkcə xeyir vermək yox, həm də böyük zərər vurmaq potensialına malikdir: daha əvvəl gördüklərimizdən dəfələrlə daha böyük miqyasda süni intellektlə işləyən kiberhücumlardan tutmuş milyonlarla insanın həyatını təhlükəyə ata biləcək süni intellekt tərəfindən yaradılmış biosilahlara qədər. Bu təhlükələr çox vaxt ekzistensial təhdidlər adlandırılır, çünki onlar bəşəriyyətin varlığını təhlükə altına sala bilər”, – o deyib.
ABŞ-nin vitse-prezidentinin sözlərinə görə, bu təhdidlər, şübhəsiz ki, irimiqyaslıdır və qlobal səviyyədə tədbir görülməsini tələb edir.
O, süni intellekt tərəfindən olan bütün risklərin – bütövlükdə bəşəriyyət üçün təhlükələrin, fərdlər, əhali və institutlar üçün təhlükələrin, eləcə də ən həssas əhali kateqoriyası üçün təhlükələrin təhlili və həllinin zəruriliyini vurğulayıb.
K.Harris əlavə edib ki, Sİ yalnız ictimai maraqları qorumaq üçün istifadə edilməlidir.