Uveertura.az xəbər verir ki, son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir.
Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir.
Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların boy artımına təsir edən mənfi amillər nələrdir? Qidalanmanın, idmanın, yuxu rejiminin boy uzanmasına təsiri necədir? Boy artımı neçə yaşa qədər davam edir?
Həkim-endokrinoloq Fərhad Burzu yerli medialardan birinə müsahibə verərkən qeyd edib ki, hər bir cəmiyyətin yerləşdiyi arealda insanların boy və çəki nisbəti spesifikdir:
“Hər ailəyə məxsus boy, çəki inkişaf meyarları var. Təəssüf ki, biz Türkiyə cədvəllərindən istifadə edirik. Çünki Azərbaycan üçün bu məsələdə qəbul olunmuş standartlar mövcud deyil. Cədvəllərə əsasən, yenidoğulmuş dövrdən etibarən uşağın hər dövrə uyğun çəkisinin, boyunun, sümük-skeletinin inkişafının nə qədər yetərsiz və ya artıq olmasını müəyyən edirik.
İnkişaf etmiş ölkələrdə pediatrlar, bağça, məktəb həkimləri il ərzində ən azı bir-iki dəfə boy, çəki inkişaf dərəcələrini ölçür və qeyd edirlər. Nəticədə onların boyunun, çəkisinin və cinsi inkişafının irəlilədiyini və ya geri qaldığını təyin edirlər. Bizim cəmiyyətimizdə bu, yox səviyyəsindədir. Çünki bağçada, məktəblərdə bu proses aparılmır”.