Məşhur şahmatçı Şəhriyar Məmmədyarovun açıqlamaları müzakirələrə səbəb olub.
Uvertura.az xəbər verir ki, yutubda “Persona” verilişinə qonaq olan qrossmeyster qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu bildirib.
O, “bacılarınızla rəqabətə çox gedirdiniz?” sualına “Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox daha zəifdirlər… Bugünki gündə dünyanın ən yaxşı 100 şahmatçısından biri belə qadın deyil… Qadınlar kişilərdən hansı sənətdə daha üstündür?! Mənə elə bir sənət deyin ki, orada qadınlar kişilərdən daha üstündür. Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz rahatlıqla deyə bilmədiniz, çünki yoxdur” deyə cavab verib.
Məmmədyarov fikrini belə davam etdirib:
“Ağırlıq qaldırmada çempion olan bir qadının nəticəsini dünyada yüzlüyə düşməyən kişi belə o çəkini rahatlıqla qaldıra bilər. Ağıl məsələsində də bu belədir. Şahmat ağıl oyunudur, qadınların yeganə şanssı bu idman növündədir, çünki güc tələb olunmur, amma burada da 100 ən yaxşı arasında qadın yoxdur. Mənim ailəmdə də iki bacım şahmatçıdır, illərdir çalışmışıq, oynayıblar, amma təəssüflər olsun ki, rəqabət yoxdur.
Dünyanın ən güclü restoranlarının hamısında da aşpazlar kişidir, yeməyi belə ən gözəl bişirən kişilərdir. Dünyada milyardlarla yaxşı yemək bişirən qadın aşpazlar var, amma məsələ ən yaxşılardan gedir.
Bunun nədən irəli gəldiyini isə mən söyləmək istəmirəm. Çünki mən çalışıram ki, qadınların da hörmətini sevgisini qazanım. Belə şeylərə cavab verməkdən qaçıram”.
İdmançının bu sözləri sosial şəbəkələrdə sərt şəkildə tənqidə səbəb olub.