Bu gün SSRİ Xalq artisti Murtuza Məmmədovun anadan olmasının 127 ili tamam olur.
Murtuza Məmmədov (Bülbül) 1897-ci il iyunun 22-də Şuşada anadan olub. O, 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına – F.Polyayevin vokal sinfinə daxil olub, sonradan təhsilini professor N.İ.Speranskinin sinfində davam etdirib. 1927-ci ildə təhsil almaq üçün dörd il müddətinə İtaliyaya – məşhur Milan Teatrına göndərilib. Bülbül zəngin yaradıcılıq yolu keçmiş və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycan musiqi mədəniyyəti tarixində silinməz iz qoyub. O, milli musiqinin Avropa musiqisi ilə sintezi vasitəsilə Azərbaycanda yeni vokal məktəbi yaradıb. Müstəsna istedadı, geniş diapazonu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti ilə Bülbülün adı Azərbaycan musiqi fonduna qızıl hərflərlə yazılıb. Bülbülün təkrarolunmaz səsi ilə Ü.Hacıbəylinin “Sənsiz” və “Sevgili canan”, A.Zeynallının “Ölkəm”, Niyazinin “Arzu”, F.Əmirovun “Ulduz” romansları, “Xumar oldum”, “Kəklik”, “İnnabı”, “Mehribanım” və bir çox başqa xalq mahnıları, eləcə də bir çox operalarda fərqli obrazlarla yanaşı, “Koroğlu” operasında canlandırdığı xalq qəhrəmanının obrazı dinləyicilərin yaddaşına həkk olunub.
Bülbül 1961-ci ildə vəfat edib.