Azərbaycanın tanınmış animasiya rejissoru Məsud Pənahinin “Narqız” adlı qısametrajlı animasiya filminin istehsalı başa çatıb.
Uvertura.az xəbər verir ki, “Narqız” filmi Azərbaycan Respublikası Kino Agentliyinin maliyyə dəstəyi ilə “Peri Film” MMC (ANİMAFİLM Studio) tərəfindən istehsal olunub və filmin premyerası yaxın zamanda keçiriləcək.
Filmin əsas hədəfi uşaqlardır. “Narqız”ın məqsədi uşaqların diqqətini mina təhlükəsinə çəkmək və işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri barədə məlumatları dünya ictimaiyyətinə təqdim etməkdir. Həmçinin, film insanların minalardan qorunmaq və ehtiyatlı davranmaq qaydalarını izah edərək, dinc dövrdə ən böyük təhlükə olan minalarla bağlı maarifləndirici mesajlar verir. Bu məlumatlar audiovizual vasitələr, milli mədəni irsimizin inciləri, təsvirlər və musiqi vasitəsilə daha aydın və təsirli şəkildə tamaşaçılara çatdırılır.
Filmin quruluşçu rejissoru Məsud Pənahi, prodüseri Rəşid Ağamalıyev, ideya müəllifi Bəhruz Pənahi, ssenari müəllifləri Məsud Pənahi və İsmayıl İman, bəstəkarı Azər Hacıəsgərli, səs rejissoru isə Nadir Mahmudovdur.
Qeyd edək ki, “Narqız” qısametrajlı animasiya filmi 2023-cü ilin iyulunda Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən elan edilən film layihələri müsabiqəsinin qalibi olub və istehsalına dəstək göstərilməsi qərara alınıb.