Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbir zamanı muzeyin fondunda saxlanılan və əməkdaşlar tərəfindən hazırlanan eksponatlardan ibarət videoçarx təqdim olunub.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova, çıxışında Azərbaycan milli peşəkar teatrının tarixindən bəhs edib. O, Teatr Muzeyinin keçdiyi inkişaf yolunu, indiki fəaliyyətini və gələcək planlarını vurğulayaraq, bu müəssisənin yalnız mədəniyyət mərkəzi deyil, həm də elmi-tədqiqat sahəsində önəmli töhfələr verdiyini qeyd edib.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin kütləvi işlər üzrə müdiri Əfsanə Güləhmədova muzeyin rəhbərliyinə fəxri fərmanlar təqdim edib.
Tədbirə qatılan Xalq artistləri Hacı İsmayılov, Mərahim Fərzəlibəyov, Nurəddin Mehdixanlı, Əməkdar incəsənət xadimləri Məryəm Əlizadə, İlham Rəhimli, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Əməkdar mədəniyyət işçiləri Zərifə Məlikova, Qəmər Seyfəddin qızı, Alla Bayramova və filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı muzeyin cəmiyyətdəki nüfuzunun vacibliyini vurğulayıblar.
Tədbirin sonunda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları bədii kompozisiyalarla çıxış ediblər.