“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında ustad aşıq Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə konsert keçirilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, professorlar Qəzənfər Paşayev, Mahirə Nağıqızı, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Arzu Nağıyev və Aydın Hüseynov çıxış edərək, Mikayıl Azaflının zəngin irsi və aşıq sənətinə verdiyi böyük töhfələrdən bəhs ediblər.
Tədbirdə Mikayıl Azaflının qızı Aşıq Gülarə Azaflı, Azərbaycanın aşıq sənətinə göstərdiyi misilsiz xidmətlərə, xalq musiqisinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsindəki əvəzsiz töhfələrinə görə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin “Aşıq Ələsgər 200” yubiley medalı və fəxri diplomu ilə təltif olunub.
Filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanovanın aparıcılığı ilə davam edən tədbirdə tanınmış və gənc ifaçılar Mikayıl Azaflının yaradıcılığına müraciət edərək, öz çıxışları ilə tamaşaçıları fəth ediblər.