İyunun 1-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Üçüncü Kəlağayı Festivalının növbəti tədbiri Sumqayıt şəhərində keçiriləcək.
Uvertura.az xəbər verir ki, festival Heydər Əliyev adına istirahət parkında baş tutacaq.
Tədbir Sumqayıt Şəhər İcra Hakimiyyəti, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, “Kəlağayı ev-muzeyi” və “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin təşəbbüsü ilə ənənəyə çevrilən festival Azərbaycan mədəni irsinin mühüm nümunələrindən olan kəlağayı sənətinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Festival çərçivəsində “Kəlağayı ev-muzeyi”nin qədim və müasir kəlağayı nümunələri, Güllü Eldar Tomarlının dekorativ-tətbiqi sənət əsərləri, eləcə də rəssam Gülnarə Məmmədovanın rəsm işləri nümayiş olunacaq.
Tədbir iştirakçıları üçün milli musiqi və folklor nümunələrindən ibarət konsert proqramı da təqdim ediləcək.
