Bu gün Xalq artisti, rejissor Azər Paşa Nemətovun anadan olmasının 77-ci ili tamam olur.
Azər Paşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 31 saylı orta məktəbdə təhsil almışdır. Azər Paşa Nemətov Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. Diplom işi “Qardaşım klarnet çalır”” (A.Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının rus bölməsində göstərilib. 1972-ci ildə GTT-də əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında. 1977-ci ildə Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor (1983-1990) işləyib.
1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissorudur. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatıdır (1985). Onun tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb.
31 avqust 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilmişdir. 2016-cı il Yanvarın 1-dən teatrın bədii rəhbər-direktoru təyin edilmişdir.