Noyabrın 16-da Tbilisidə, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Sazlı-sözlü kəlağayı günləri” adlı festival keçirilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Gürcüstandakı Səfirliyinin, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin, Azərbaycan Kəlağayı Muzeyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib. Festival çərçivəsində “Kəlağayı yaşıl dünyaya töhfədir” adlı sərgi açılıb.
Sərgidə, qədim kəlağayıların yanında, Şəki və İsmayıllının Basqal qəsəbəsində istehsal olunan müasir kəlağayılar, eləcə də Güllü Eldar Tomarlının “yaşıl dünya”ya aid əl işləri nümayiş olunub. Sərgidə, İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş qəhrəmanlar üçün hazırlanan kəlağayılar da böyük maraqla qarşılanıb.
Sərgidə, həmçinin, bir əsr öncə hazırlanmış Aşıq Solmaz Kosayevaya məxsus kəlağayı, Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, xan qızı Natəvan və Qasım bəy Zakirin şəkilləri ilə bəzədilmiş kəlağayılar da nümayiş edilib. Basqal kəlağayıları da satışa təqdim edilib.
Tədbir maraqlı konsert proqramı ilə davam edib. Aşıq Nargilə Mehdiyeva Azərbaycan xalq mahnılarını, Tbilisi məktəblərinin şagirdləri isə milli rəqslərimizi ifa ediblər.