M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş konsert təşkil edilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, konsertin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov olub. Tədbir, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tərəfindən müşayiət edilib. Konsertin solistləri skripka ifaçısı Səid Məmmədov və pianoçu İrina Mehdiyeva olub.
Konsert proqramı, klassik və müasir musiqi nümunələrini harmonik şəkildə birləşdirən Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri ilə zənginləşdirilib. Proqramda Cakomo Puççininin “Xrizantema”, Klod Debüssinin “Ay işığı”, Vaqif Mustafazadənin “Mart”, Antonio Vivaldinin “Fəsillər” silsiləsindən “Qış” və Astor Piazzollanın “Fəsillər” silsiləsindən “Bahar” əsərləri yer alıb.
Avstriya bəstəkarı Robert Fuksın Bakı səhnəsində ilk dəfə səsləndirilən 3 nömrəli Serenada – “opus 21” əsərinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, noyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində COP29-a həsr olunmuş növbəti konsert olacaq.