Məşhur “Rocky 4”, “Cəhənnəm mələkləri”, “Creed 2” və digər filmlərlə tanınan isveçli aktyor və rejissor Dolf Lundqren sevindirici bir xəbər verib.
Uvertura.az xəbər verir ki,aktyor bu barədə Instagram hesabında video paylaşaraq açıqlama verib. O, xərçəng xəstəliyinə qarşı təxminən 10 illik mübarizədən sonra sağaldığını bildirib.
Videoda Lundqren xəstəxana palatasında xüsusi geyimdə görünür. O, son müayinədən sonra məlum olub ki, ağır xəstəliyi məğlub edib. Aktyor, sonuncu şişi məhv etmək üçün minimal invaziv ağciyər əməliyyatı keçirdiyini açıqlayıb.
Dolf Lundqrenin xərçənglə mübarizəsi doqquz il davam edib. Lakin həkimlər, müalicə nəticəsində aktyorun orqanizmində artıq xərçəng hüceyrələrinin qalmadığını bildiriblər. Aktyor paylaşımının şərh hissəsində qeyd edib ki, bu çətin dövr ona həyatdan zövq almağı və hər anın qiymətini bilməyi öyrədib.
“Artıq bədənimdə xərçəng hüceyrələri yoxdur, buna görə də ümid edirəm ki, indi rəsmən xərçəngdən azadam. Bu mübarizə mənə anı yaşamağı və hər anın qədrini bilməyi öyrətdi”, – 67 yaşlı aktyor yazıb.