Avropa Yanuş Korçak Akademiyasının dəvəti ilə Almaniyanın Münxen şəhərində azərbaycanlı rejissor Rüfət Əsədovun “Mənim dostum Meir” adlı sənədli filminin təqdimatı baş tutub.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Münxendə yaşayan Azərbaycan və yəhudi diasporalarının üzvləri, mədəniyyət xadimləri iştirak ediblər.
Təqdimatdan əvvəl rejissor Rüfət Əsədov tamaşaçılarla görüşərək bildirib ki, filmdə Azərbaycanda yaşayan dağ yəhudilərinin vətənlərinə, doğulub böyüdükləri Azərbaycana duyduqları dərin məhəbbət və bağlılıq ön plana çıxarılır. O, həmçinin ekran əsərinin, dağ yəhudilərinin Azərbaycanda qorunan adət-ənənələrinə və milli-mənəvi dəyərlərinə diqqət çəkdiyini əlavə edib.
Film, Azərbaycan və İsrail kinematoqrafçılarının birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.