Azərbaycan Dövlət Rəqs Ansamblı, Rusiyanın Çelyabinsk şəhərində keçirilən “Sineqorye” XIV Beynəlxalq Milli Mədəniyyətlər Festivalında böyük uğur əldə edib.
Uvertura.az APA-ya istinadən xəbər verir ki, festival çərçivəsində Çelyabinskdə 7, bölgənin digər şəhərlərində isə 18 konsert, panel müzakirəsi və ustad dərsləri təşkil olunub.
Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) festival müddətində Çelyabinsk şəhərində, eləcə də Miass və Satka şəhərlərində konsert proqramları ilə çıxış edib.
Ansamblın Çelyabinsk Operasının səhnəsindəki çıxışı xüsusilə yadda qalıb. Ansamblın ifasında “Sarı gəlin”, “Qazaxı”, “Şələqoy”, “Qaytağı”, “Dəflə rəqs” və digər milli rəqs nümunələri böyük maraqla qarşılanıb.
Ansamblın uğurlu çıxışına görə, bədii rəhbər Xalq artisti Rüfət Xəlilzadə Çelyabinsk Vilayəti Mədəniyyət Nazirliyinin diplomu ilə təltif edilib.