Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, rejissor və ssenarist Ziya Şıxlinski yeni bir filmin çəkilişlərinə başlamayı düşünür.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, bu qısametrajlı sənədli film 2024-cü il dekabrın 25-də Aktau şəhərində baş verən və Bakı-Qroznı reysini həyata keçirən “Embraer 190” təyyarəsinin stüardessası Hökumə Əliyevanın həyatını əks etdirəcək.
Hökumə Əliyevaya həsr olunan qısametrajlı sənədli filmin çəkilişlərinin yaxın vaxtlarda başlaması gözlənilir. Filmin bədii rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri və Xalq artisti Rasim Balayev, ssenari müəllifi və rejissoru isə Ziya Şıxlinski olacaq. Operator isə ittifaqın İdarə Heyətinin üzvü və Əməkdar incəsənət xadimi Adil Abbasovdur.
Həmçinin, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva, Bakı–Qroznı reysini həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması zamanı yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərərək, sərnişinlərin həyatını xilas etdiyi üçün ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.