“Qobustan kodları” kolleksiyası “Nine Senses” incəsənət mərkəzində nümayiş olunub
Uvertura.az Report-a istinadən xəbər verir ki, “Nine Senses” incəsənət mərkəzində “Qobustan kodları” kolleksiyasının təqdimatı keçirilib. Kolleksiya yerli “Amorini Concept” brendinin dizayneri Günay Əliyeva tərəfindən hazırlanıb və qədim Qobustan rəmzlərini müasir kişi və qadın geyimlərində əks etdirir.
“Nine Senses Art Center” ilə birgə yaradılan kolleksiya 2024-cü ilin noyabr ayında açılmış və 30 avqust 2025-ci ilədək davam edəcək “Qobustan kodları” tədqiqat sərgisinin bir hissəsinə çevrilib.
Kolleksiyanın əsas motivi incəsənət adamları və zamanın vəhdətini simvolizə edən çevrə olub. Müəlliflərin fikrincə, insanlar işıqdan yaranıblar və buna görə də əvvəlcədən bir-biri ilə bağlıdırlar.
“Qobustan kodları” sərgisi insanın və incəsənətin yaradılışı nəzəriyyəsində elmi və ruhani yanaşmaları birləşdirir. Ekspozisiyada Qobustanın beş petroqlifi təqdim olunub. Bu qədim simvollar müasir rəssamların əsərlərində yeni ifadəsini tapan beş işıq mandalasının yaradılmasında əsas rol oynayıb.