Bişkekdə keçirilən XII Beynəlxalq “Umid” kinoforumunda Azərbaycan filmləri uğur qazandı
Aprelin 11-dən 14-dək Qırğızıstanın paytaxtı Bişkekdə ənənəvi XII Beynəlxalq “Umid” kinoforumu baş tutub.
Uvertura.az xəbər verir ki, bu nüfuzlu kino tədbirində ölkəmiz iki ekran əsəri ilə təmsil olunub – Azər Quliyevin “Sanki yoxsan” və Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” filmləri kinosevərlərin qarşısına çıxarılıb.
“Sanki yoxsan” filmi həm münsiflər heyətinin, həm də tamaşaçıların rəğbətini qazanaraq beynəlxalq müsabiqənin əsas mükafatı olan Qran-Priyə layiq görülüb.
Azərbaycan və Fransa birgə istehsalı olan bu ekran işinin rejissoru Azər Quliyevdir. Filmin baş prodüseri Mehman Fətullayev, prodüseri Əli-Səttar Quliyev, quruluşçu rəssamı isə Quram Navrozaşvilidir.
Kinoforum zamanı Azərbaycan nümayəndə heyəti ölkəmizə qarşı yönəlmiş daha bir təxribata da çevik reaksiya verib. Ermənistandan təqdim olunan “David bağı” adlı sənədli film forumun proqramına daxil edilsə də, nümayəndələrimiz tərəfindən aparılan təhlil nəticəsində onun qarşıdurmanı dərinləşdirən və tarixi həqiqətləri təhrif edən məzmun daşıdığı aşkara çıxarılıb. Sənəddə Azərbaycanın ərazi adları bilərəkdən erməni toponimləri kimi təqdim olunurdu.
Bu barədə təşkilat komitəsinə rəsmi müraciət olunub və nəticədə, sözügedən film forumun nümayiş proqramından çıxarılıb. Qərarla bağlı informasiya həm kinoforumun rəsmi saytında, həm də müxtəlif media qurumlarında yayımlanıb.
Qeyd edək ki, “Sanki yoxsan” filmi ötən ilin mayında Fransanın “LaLuna” şirkətinin istehsalı ilə 77-ci Kann Beynəlxalq Film Festivalının qısametrajlı filmlər bölməsində də nümayiş olunmuşdu.