Alimlər kino tarixinin ən çox izlənilən seriyalarından biri olan Star Wars filmindəki səhralı Tatooine planetinə bənzəyən yeni bir planet kəşf ediblər.
Uvertura.az xəbər verir ki, sözügedən planet Yer kürəsindən təxminən 120 işıq ili uzaqlıqda yerləşir və “uğursuz ulduzlar” kimi tanınan iki qəhvəyi cırtdan ulduzun ətrafında qeyri-adi şəkildə fırlanır.
Alimlərin bildirdiyinə görə, Tatooine kimi iki ulduzun orbitində dövr edən bir neçə planet artıq məlumdur. Onların sayı ondan çoxdur və bu da belə sistemlərin düşündüyümüzdən daha geniş yayıldığını göstərir.
Kəşf edilən qəhvəyi cırtdan cütlüyü bir neçə il əvvəl aşkarlanmış və onların bir-birini cazibə qüvvəsi ilə “tutduğu” müşahidə edilmişdi. Lakin yeni tapılan planet birbaşa müşahidə olunmayıb. Bu səbəbdən onun kütləsi və orbit xüsusiyyətləri hələ də tam olaraq məlum deyil.
Bu kəşf, ulduzlararası sistemlərin nə qədər müxtəlif və maraqlı ola biləcəyini bir daha sübut edir. Gələcək tədqiqatlarla bu planetin daha çox xüsusiyyəti üzə çıxarıla bilər.
Birmingham Universitetinin tədqiqatçısı Thomas Baycroft bildirdi ki, bu cür qeyri-adi göy cisimləri, Günəş sistemindən kənarda olan şəraitlərin bizim alışdığımız planetlərdən tamamilə fərqli planetlər yarada biləcəyini göstərir. O vurğulayıb ki, iki ulduzun ətrafında fırlanan planetlər hələ onların reallıqda mövcud olduğu sübut olunmamışdan əvvəl, onillər əvvəl elmi fantastika əsərlərində əks olunmuşdu.