Qırğızıstan Milli Kitabxanasında Azərbaycanın görkəmli Xalq şairi, dramaturq, ədəbiyyatşünas və akademik Bəxtiyar Vahabzadənin (1925–2009) anadan olmasının 100 illiyi münasibətilə onun əsərlərindən ibarət yeni qırğız dilində nəşr olunmuş “Seçilmiş əsərləri” (“Tandalqan çıkarmalar”) və ilk dəfə 1949-cu ildə işıq üzü görmüş “Mənim dostlarım” kitabının təkrar nəşri təqdim edilib.
Uvertura.az xəbər verir ki,Tədbir çərçivəsində əvvəlcə şairin həyatı, yaradıcılığı və ictimai fəaliyyəti haqqında hazırlanmış videoçarx nümayiş olunub.
Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti üzrə nazir müavini Gülbara Abdıkalıkova çıxışında kitabların qırğız dilində nəşrini önəmli və simvolik bir hadisə kimi qiymətləndirib.
TÜRKSOY-un Baş katibi və eyni zamanda nəşrin ön söz müəllifi Sultan Raev bildirib ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün ortaq dəyərləri və birlik ideyalarını əks etdirir. O qeyd edib ki, TÜRKSOY 2025-ci ili “Bəxtiyar Vahabzadəni anma ili” elan edib. Yeni nəşr isə şairin zəngin irsini qırğız oxuculara daha yaxından tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında Bəxtiyar Vahabzadənin XX əsr Azərbaycan ədəbi və ictimai düşüncəsinin öncül simalarından biri olduğunu vurğulayıb. O qeyd edib ki, Xalq şairinin əsərləri milli-mənəvi yaddaşımızın dərin qatlarına toxunur və dövlət tərəfindən hər zaman yüksək dəyərləndirilib. Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu il şairin 100 illik yubileyi dövlət səviyyəsində geniş şəkildə qeyd olunur. Nazir, həmçinin, nəşrlərin yubileyə layiqli töhfə olduğunu bildirib.
Azərbaycanın Bişkekdəki səfiri Lətif Qəndilov, Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Kanıbek İmanaliyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və kitabın tərcüməçiləri Altınbek İsmailov, Baktıgül Çoturova və Ömürbek Tillebaev çıxış edərək Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığı və şəxsiyyəti haqqında fikirlərini bölüşüblər.
Tədbir zamanı incəsənət ustaları şairin sözlərinə bəstələnmiş musiqi parçalarını səsləndirib, eyni zamanda onun şeirləri bədii qiraət olunub.