2000-ci ildə yayımlanan və kult statusu qazanan American Psycho filmi yenidən ekranlaşdırılır.
Uvertura.az xəbər verir ki, bu dəfə rejissor kreslosunda italyan kinorejissoru Luka Guadagnino əyləşəcək, baş rolda isə gənc ulduz Austin Butler yer alacaq. Film yazıçı Bret Easton Ellis-in eyni adlı bestseller romanına əsaslanacaq.
Orijinal versiyada Luis Carruthers obrazını canlandıran aktyor Matt Ross yeni layihə ilə bağlı fikirlərini bölüşüb. O bildirib: “Yenidən ekranlaşdırmalar adətən məni bir az narahat edir. Mənə də keçmişdə belə təkliflər gəlib, amma çox vaxt bu layihələr sırf kommersiya məqsədi güdür. Buna görə də uzaq durmağa üstünlük verirəm”.
Ross eyni zamanda romanın yenidən yozulmasına da açıq yanaşdığını deyib: “Bu, Şekspirin əsərlərinin hər nəsildə fərqli interpretasiyalarda səhnəyə qoyulması kimidir. Yəni, təkrar çəkməyə qarşı deyiləm. Amma bu layihənin də əsas motivinin kommersiya olduğunu düşünürəm. Əlbəttə ki, əsasa – romana sadiq qalınması prosesi bir qədər maraqlı edir. Sadəcə onu deyə bilərəm ki, işləri asan olmayacaq, çünki Christian Bale-in performansı həqiqətən unudulmaz idi”.
Matt Ross həmçinin rejissor Luca Guadagninonu yüksək qiymətləndirib: “İnsanlar mənə deyir ki, American Psycho-nu yenidən çəkmək fikri nə qədər absurd səslənir. Amma mən belə düşünmürəm. Luka əla rejissordur, indiyədək pis filmi olmayıb”.
Xatırladaq ki, American Psycho romanından adaptasiya edilən orijinal film 2000-ci ildə yayımlanıb. Patrick Bateman adlı varlı və özündənrazı investisiya bankirinin gündüz uğurlu karyera, gecələr isə vəhşicəsinə qətllərlə dolu ikili həyatından bəhs edir. İlk filmin rejissoru Mary Harron, ssenari müəllifləri isə Harron və Guinevere Turner olub.