Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Doha Elm və Texnologiya Universitetinin mədəniyyət sarayında müğənni Günay İmamverdiyevanın rəhbərlik etdiyi musiqi qrupunun “Mənim Azərbaycanım” adlı konserti keçirilib.
Uvertura.az xəbər verir ki, Dohadakı səfirliyimizin dəstəyi və təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı, Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Şimali Kipr Türk Respublikasının Qətərdəki diplomatik korpusunun rəhbərləri və diplomatları, Qətərdəki Türk Silahlı qüvvələrinin zabit heyəti və onların ailə üzvləri, nüfuzlu KİV təmsilçiləri, Doha Elm və Texnologiya Universitetinin tələbələri iştirak ediblər.
Əməkdar artist, muğam ifaçısı Günay İmamverdiyeva, tarzən Kamal Nuriyev, kamança ifaçısı Toğrul Əsədullayev və nağara ifaçısı Emin Cəbrayılovun iştirakı ilə keçirilmiş konsertdə Azərbaycanın zəngin musiqi irsinin nümunələri səsləndirilib.