Mədəniyyət

Bu gün Xalq şairi Nigar Rəfibəylinin anadan olmasından 112 il ötür

Bu gün Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan qadın şairlərimizdən biri incə ruha, zərif təbiətə malik Nigar Rəfibəylidir. Onun göz açdığı ictimai-siyasi, ədəbi mühit özünün xarakterik xüsusiyyətləri, siyasi hadisələri ilə xarakterikdir.

Uvertura.az xəbər verir ki, Bu gün Xalq şairi Nigar Rəfibəylinin anadan olmasından 112 il ötür.

Nigar Xudadat qızı Rəfibəyli 23 iyun 1913-cü ildə Gəncədə anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Fəhlə-gənclər məktəbində, 1932-1936-cı illərdə isə Moskva Pedaqoji İnstitutunda təhsil alıb. Öncə Bakı kinostudiyasında ssenari şöbəsində tərcüməçi və redaktor, 1937-1939-cu illərdə isə “Uşaqgəncnəşr”də Bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləyib.

O, ədəbiyyata 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc etdirdiyi “Çadra” şeiri ilə gəlib. Daha sonra, 1934-cü ildə Nigar xanımın şeirlər kitabı nəşr olunub.

Şairənin bir çox şeirlərinə musiqi bəstələnib, tanınmış müğənnilər tərəfindən səsləndirilib. Həyat yoldaşı Rəsul Rzaya həsr etdiyi və görkəmli Akif İslamzadənin ifasında filmotekamızın qızıl fonduna daxil olmuş “Alagözlüm” mahnısı bu gün də hamının sevərək dinlədiyi ən gözəl əsərlərdən biridir.

Məhsəti Gəncəvinin rübailəri, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Pavloviç Çexovun “Vanya dayı”, “Albalı bağı” dramları, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanları, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərləri məhz Nigar xanım Rəfibəylinin tərcüməsində Azərbaycan oxucularına təqdim olunub.

You may also like