Sentyabrın 3-dən 7-dək Bakıdakı Nizami Kino Mərkəzi, Şirvanşahlar Saray Kompleksi və Animasiya Evində VIII Beynəlxalq Animasiya Festivalı – ANIMAFILM keçiriləcək. Mədəniyyət Nazirliyi, Kino Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə baş tutacaq tədbirin təşkilatçıları qismində Azərbaycan Animasiya Assosiasiyası və “PERI FILM” MMC çıxış edirlər.
Uvertura.az xəbər verir ki, bu il ANIMAFILM festivalı “Pişiklər” mövzusunda keçiriləcək. Tədbirin proqramına 62 ölkədən 4 beynəlxalq və 1 yerli kateqoriya üzrə 317 filmlə bağlı müraciətlər daxil olub. Seçim komissiyası bütün müraciətləri qiymətləndirdikdən sonra 20 ölkədən 39 filmin müsabiqədə iştirakına razılıq verib. Onlardan 10-u yerli, 29-u isə beynəlxalq kateqoriyada təqdim olunacaq. Seçilmiş bütün filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək və qaliblər festivalın bağlanış mərasimində mükafatlandırılacaq.
Festivalın nominasiyaları aşağıdakılardır:
– Ən yaxşı qısametrajlı cizgi filmi – QRAN PRİ (18+)
– Ən yaxşı Azərbaycan qısametrajlı cizgi filmi (8+)
– Ən yaxşı qısametrajlı tələbə animasiya filmi (16+)
– Uşaqlar üçün ən yaxşı qısametrajlı cizgi filmi (5+)
– Pişiklər haqqında ən yaxşı qısametrajlı cizgi filmi (18+)