Uvertura.az xəbər verir ki, bu gün görkəmli xanəndə, Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 76-cı ildönümü tamam olur.
Azərbaycan muğam ifaçılığında özünəməxsus dəst-xətti ilə seçilən Ağaxan Abdullayev klassik xanəndəlik ənənələrinə söykənərək milli musiqimizdə yeni ifa üslubu formalaşdırıb. Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edən sənətkar dünyanın 20-dən çox ölkəsində qastrol səfərlərində muğam və xalq mahnılarını böyük ustalıqla ifa edib. Onun muğam dəsgahlarının audio və videoyazıları Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır.
1977-ci ildən etibarən A.Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyən Ağaxan Abdullayev gənc xanəndə nəslinin yetişməsində mühüm rol oynayıb, bir çox tanınmış ifaçının ustadı kimi tanınıb.
Xalq artisti Ağaxan Abdullayev 2016-cı il dekabrın 25-də Bakıda vəfat edib. Onun zəngin yaradıcılığı və ecazkar səsi Azərbaycan musiqi tarixində əbədi yaşayacaq.
