bp Azərbaycan kinematoqrafiyasının tarixini əhatə edən “Azərbaycan Kinosu. Yığcam ensiklopediya” adlı dörd cildlik nəşri ictimaiyyətə təqdim edib. 1898–2025-ci illəri əhatə edən ensiklopediya milli kinonun inkişaf tarixini əks etdirən ən geniş mənbələrdən biridir.
Tanınmış kinoşünas Aydın Kazımzadənin müəllifi olduğu nəşrdə Azərbaycan kinosunun inkişaf yolu, filmlər, kino yaradıcıları və studiyalar haqqında geniş məlumat təqdim olunur. Ensiklopediyada 1898–2025-ci illərdə istehsal olunmuş tammetrajlı və qısametrajlı bədii filmlər, televiziya və animasiya filmləri, həmçinin “Mozalan” satirik kinojurnalının filmoqrafiyası yer alıb.
Uvertura.az xəbər verir ki, nəşrin ilk iki cildində Azərbaycan kinosunun ensiklopedik təsviri təqdim olunur, digər iki cild isə filmlərin və kinorejissorların əlifba göstəricilərini əhatə edir.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, layihə Azərbaycanın zəngin kino irsinin qorunması və gələcək nəsillərə ötürülməsinə töhfə verir.
Bu layihə bp-nin Azərbaycanın mədəni irsinin qorunması və təşviqinə yönəlmiş proqramının bir hissəsidir. Proqram çərçivəsində ümumilikdə səkkiz kitabın hazırlanması və nəşri nəzərdə tutulur.
