Bu gün görkəmli Azərbaycan şairəsi, rəssam və xeyriyyəçi Xurşidbanu Natəvanın anadan olmasından 194 il ötür.
1832-ci ildə Şuşada dünyaya gələn Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi idi. Qarabağ xanlarının sonuncu varisi olduğuna görə sarayda “Dürrü yekta”, xalq arasında isə “Xan qızı” adlandırılırdı.
Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatında incə ruhlu qəzəlləri ilə tanınırdı. Ərəb və fars dillərini bilən şairə klassik Şərq ədəbiyyatından bəhrələnmiş, əsərlərini “Natəvan” təxəllüsü ilə yazmışdır. O, Şuşada “Məclisi-üns” ədəbi məclisini yaratmış, kasıblara yardım göstərmiş və şəhərə su çəkdirərək məşhur “Xan qızı bulağı”nı inşa etdirmişdir.
Oğlunun vaxtsız vəfatı şairənin yaradıcılığında dərin iz buraxmış, bir sıra təsirli şeirlərin yaranmasına səbəb olmuşdur. Natəvanın əsərlərinə mahnılar bəstələnmiş, həyat və yaradıcılığı ədəbiyyat və incəsənətdə əbədiləşdirilmişdir.
Xurşidbanu Natəvan 1897-ci ildə vəfat edib və Ağdamdakı “İmarət” qəbiristanlığında dəfn olunub. Onun Şuşadakı büstü işğal dövründə dağıdılsa da, 2021-ci ildə bərpa edilərək yenidən doğma şəhərinə qaytarılıb.
Azərbaycan xalqı Xan qızının zəngin irsini və xeyirxah əməllərini daim böyük ehtiramla yad edir.
